Etimologiya
Bəzən, ingilis dilində (və digər dillərdə) başqa mədəniyyətlərin komiks üçün işlətdiyi sözlər həmin mədəniyyətlərdən gələn komiksləri üçün işlənilir. Məsələn, yapon komiksləri üçün manga (manqa), Fransa-Belçika komiksləri üçün isə bandes dessinées (band desine) işlənilir.
Dünyanın bir sıra dillərindəki komiks sözü, o cümlədən rus dilindəki (комикс) və alman dilindəki (Comic) ingilis dilindən gəlib.
Tarix



Avropa, Amerika və Yaponiya komikslərin ənənələri müxtəlif yollarla getmişlər. Avropanın komiks ənənəsi İsveçrəli Rodolf Töpfferdən 1827-ci ildə başlayıb. Amerikada isə ilk komiks Riçard F. Autkoltun 1890-cı illərdə qəzetdə nəşr etdiyi Sarı uşaq (ing. The Yellow Kid) idi. Bundan başqa, ABŞ-da Almaniyadan olan Rudolf Dirks alman rəssamı Vilgelm Buşdan təsirlənərək, 1897-ci ildə Katzencammer uşaqları (ing. The Katzenjammer Kids) adlı komiksi çəkmişdi. Yaponiyanın II Dünya müharibəsindən əvvəl uzun satirik rəsm ənənəsi var idi. Yapon dilindəki komiks üçün istifadə olunan manqa (yap. 漫画) sözünü ukiyo-e janrın tanınmış rəssamı Hokusay XIX əsrdə populyarlaşdırmışdı.
Bunlardan başqa, bəzi nəzəriyyətçi və tarixçilər tərəfindən Fransanın Lasko mağarasındakı bəzi təsvirlər, Misir heroqlifləri, Romadakı Trayan sütunu, Normanların XI əsrə aid olan Bayö qobeleni, Prota taxta bloku (1370), XV əsrə aid olan Ölmə sənəti (lat. Ars moriendi) əsəri və ksiloqrafika, Mikelancelonun Qiyamət günü əsəri, Vilyam Hoqartın XVIII əsr qravürları və s. əsərlər komikslərin əcdadları kimi təqdim olunur.
1929-cu ildə Belçikada nəşr olunmağa başlayan Tintin macəraları komiks serialı Fransa-Belçika komiks ənənəsi tarixində vacib rol oynayır.
1930-cu illərdə ABŞ-da komiks kitabları (ing. comic book) adlı dövri nəşr formatı meydana çıxdı. Əvvəl onlar əsasən artıq qəzetlərdə çap olunmuş komik striplərini yenidən çap etmək üçün işlənilirdi. Həmin onilliyin sonunda isə, həmin nəşrlərdə orijinal məzmun üstünlük təşkil edirdi. 1938-ci ildə Action Comics jurnalının və ona aid olan Supermen personajının uğuru komikslərin qızıl dövrünün başlanğıcı sayılır. O dövrdə superqəhrəmanlar janrı mühüm yer tuturdu.
II Dünya müharibəsindən sonra superqəhrəmanlar komikslərin populyarlığı azalıb. Eyni zamanda, romantika, vestern, kriminal, qorxu və yumor kimi janrlarına görə komikslərin ümumi satışlarının artımı yaşanırdı. 1940-cı və 1950-ci illərdə ABŞ-da komikslər ətrafında əxlaqi təşviş baş verirdi. Komikslər təhlükə kimi təqdim olunurdu. Məsələn, Frederik Vertam bu mövzu ilə bağlı Günahsızların yoldan çıxarılması (ing. Seduction of the Innocent) kitabı yazıb, ABŞ Senatına onunla bağlı suallarına cavab vermişdi. Nəticədə, 1954-cü ildə komikslərin senzurası üzrə işləyən Comics Code Authority adlı qurum yaradılmışdı. Bu qurum ABŞ-da komikslərin inkişafını ləngitməkdə və XX əsrin qalan hissəsində onların Amerika cəmiyyətində aşağı səviyyəli statusa malik olmasında günahlandırılır. 1960-cı illərin əvvəllərində superqəhrəman janrı ABŞ-da yenidən ən mühüm komiks janrına çevrildi.
Formatların növləri

Komikslər müxtəlif mədəniyyətlərdə çox fərqlənirlər. Amerikan formatda çıxan komikslər nazik vaxtaşırı və əsasən rəngli şəkildə çıxırlar. Yaponiya (manqa) və Avropa komiksləri əsasən həftəlik və ya aylıq jurnallarda seriallar şəkildə çıxırlar; Yaponiyada bunlar adətən ağ-qara olurlar. Yaponiya komiks jurnalları yüzlərlə səhifələrdən ibarət ola bilərlər.
Həmçinin bax
Kitablar
- Collins, Rachel. Weiner, Robert G. (redaktor). Drawing Comics into Canadian Libraries. McFarland & Company. 2010. 226–241. ISBN 978-0-7864-5693-2.
- Orr, Tamra. Manga Artists. Rosen Publishing. 2008. ISBN 978-1-4042-1854-3.
- Johnson-Woods, Toni. An Anthology of Global and Cultural Perspectives. Continuum International Publishing Group. 2010. ISBN 978-0-8264-2938-4.
- Schodt, Frederik L. Dreamland Japan: Writings on Modern Manga. Stone Bridge Press. 1996. ISBN 978-1-880656-23-5.
