Beyrut (ərəb. بيروت, ing. Beirut) — Livanın paytaxtı, ən iri şəhəri və böyük dəniz portu. Beyrut Yaxın Şərqin vacib maliyyə - bank və mədəni mərkəzidir. Beyrutda bir çox beynəlxalq təşkilatlar məskən salmışlar.
Əhalisi təxminən 900 min nəfərlə 2 milyon nəfər arasıdır. Bu onunla bağlıdır ki, əhalinin siyahıya alınması ölkədə axırıncı dəfə 1932-ci ildə keçirilmişdir. Əhalisinə görə Levant regionunda 3-cü, Ərəb dünyasında 13-cü şəhərdir.
Tarixi
Eramızdan əvvəl XVIII əsrdən etibarən Berut, Berit adı ilə məlumdur. VII əsrdə Xilafətə daxil edilmişdir. XIV-XV əsrlərdə Misir məmlüklərinin, 1516-1918-cı illərdə Osmanlı İmperiyasının tərkibində, 1920-43-cü illərdə Fransa işğalı altında olub. 1943-cü ildən etibarən Livan Respublikasının paytaxtıdır.
