factograf
AZ

Misoqi

Misoqi

Misoqi (禊) – şintoizmdə bədəni yumaqla həyata keçirilən paklanma ayini. "Misoqi" sözü "bədənə su tökmək" mənasına gələn "misosoqi" sözündən yaranmışdır.

Mənşəyi

Şintoizmdə paklanma və təmizlənməyə böyük əhəmiyyət verildiyi üçün istənilən tədbirin əvvəlində bədəni təmizləmək mütləqdir. 712-ci ildə yazılmış "Kociki" salnaməsinə görə misoqi ayininin mənşəyi İzanaqi ilə bağlıdır. Mifologiyaya görə həyat yoldaşı İzanaminin ölümündən sonra İzanaqi onu axtarmaq üçün Yomotsukuniyə enmişdir. Burada ölüm və çürümə kimi natəmizliklərlə əhatə olunmuşdur. Mağara vasitəsilə bu dünyaya qayıtdıqdan sonra o, Kyuşunun şimalında yerləşən Taçibanaya səyahət edərək çaya girmiş və bütün natəmizliklərini yumuşdur. Bu yuyunma ayini zamanı üç şinto ilahı doğulmuşdur: Susanoo, Ameterasu və Tsukuyomi.

Növləri

Misoqinin bir çox forması mövcuddur. Ən geniş yayılmış forması məbəddə dua etməmişdən qabaq əlləri və ağzı yaxalamaqdır. Şintoist məbədlərində torii ilə hayden arasındakı hissədə çozuya adlı taxta struktur yerləşir. Məbədin ziyarətçiləri özlərini təmizləmək üçün əvvəlcə buraya gəlirlər. Festivallardan qabaq keşişlərin hamam qəbul etməsi praktikası isə kessay adlanır. Bu praktika çayda yerinə yetirilsə də, hazırda keşişin purifikasiyası ictimai hamamda aparılır.

Misoqinin yayılmış formalarından biri mizuqoridir. Mizuqori zamanı şəxs şəlalənin altında çılpaq dayanır və ya onun üzərinə soyuq su ilə dolu vedrə boşaldılır. Bu praktika şəxsin təmizürəkliliyini nümayiş etdirmək üçün yerinə yetirilir. Mikoşini çaya və dənizə aparıb batırmaq adəti isə hamaori adlanır.

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha. 1983. səh. 202. ISBN 0-87011-625-8. İstifadə tarixi: 29 oktyabr 2022.

Read next

In 17 languages

Text from Wikipedia, CC BY-SA 4.0 · Source article