Ham (ivr. חָם; ərəb. حام; e. ə. III minillik – bilinmir) — yəhudi mənbələrinə və bəzi hədislərə görə Nuhun oğlu.
Hamdan Quranda və xristianlıq mənbələrində bəhs olunmur. Ondan yalnız yəhudi mənbələrində və bəzi hədislərdə bəhs edilmişdir.
Yəhudilikdə
Tövratda Ham, Nuhun üç oğlundan biri kimi, Sam və Yafəs arasında qeyd edilir. Eyni zamanda Hamın Nuhun kiçik oğlu olduğu da bildirilir.
Nuh 500 yaşını keçdikdən sonra dünyaya gələn Ham, Böyük tufanda digər qardaşları kimi həyat yoldaşı ilə birlikdə gəmiyə minmişdir.
Tövratdakı məlumata görə, Nuh tufandan sonra üzüm yetişdirmiş və şərab hazırlamışdır. Nuh bir dəfə həddindən artıq sərxoş olmuş və çadırında çılpaq vəziyyətdə yatıb qalmışdır. Atasını bu halda görən Ham çöldə olan qardaşlarına xəbər vermişdir. Onlar isə paltar gətirib geri-geri yeriyərək atalarının üstünə örtmüşlər. Nuh ayıldıqdan sonra Hamın etdiyini hərəkətə görə onun oğlu Kənanı lənətləmişdir.
Hamın törətdiyi günaha görə onun deyil də, oğlu Kənanın lənətləndiyi Tövratda açıqlanmamışdır. Lakin yəhudi təfsirlərində bununla bağlı müxtəlif izahlar verilmişdir. Yəhudi din alimləri törədilən günahla verilən cəza arasında uyğunluq olduğunu müdafiə edirlər.
Bu mövzuda verilən izahlardan birinə görə, Ham atasını çılpaq gördükdən sonra onun dördüncü oğul sahibi olmasının qarşısını almaq üçün onu axtalamış, Nuh da buna qarşılıq olaraq Hamın dördüncü oğlu Kənanı lənətləmişdir.
Başqa bir izaha görə isə Ham atası ilə cinsi əlaqədə olmuşdur. Lakin Ham daha əvvəl atası və iki qardaşı ilə birlikdə tanrıdan xeyir-dua aldığı üçün Nuh onu deyil, Kənanı lənətləmişdir.
Digər bir rəvayətə görə isə Ham atasını çılpaq vəziyyətdə görəndə buna gülmüş, dərhal üstünü örtmək əvəzinə gedib bunu qardaşlarına xəbər vermiş və bununla günah etmişdir. Buna görə də oğlu Kənan lənətlənmiş, Hamın nəslindən gələn misirlilər və həbəşilər əsir alınaraq, oturacaq yerləri açıq vəziyyətdə sürgün edilməklə cəzalandırılmışlar.
Başqa bir yəhudi rəvayətində isə deyilir ki, Ham Adəm və Həvvanın cənnətdə geyindiyi, tanrının hazırladığı və Nuhun qoruyub saxladığı paltarları gəmidən çıxdıqdan sonra oğurlamış və gizlətmişdir. Sonradan həmin paltarlar Hamdan oğlu Kuşa, ondan da onun oğlu Nəmruda qalmışdır.
Bəzi müəlliflər isə Kənanın lənətlənməsinin səbəbini günahı məhz onun etməsi ilə izah edirlər.
İslamda
İslam mənbələrində Ham haqqında olan məlumatlar yəhudi mənbələrində olan məlumatlarla oxşardır. İslam mənbələrinə görə Nuhun Ham, Sam və Yafəs adlı üç oğlu var idi. Dördüncü oğlu Kənan (və ya Yam) isə tufan vaxtı atasının düzəltdiyi gəmiyə minməmiş və tufanda boğulmuşdur. Ham atasının əmrinə qarşı çıxaraq gəmidə həyat yoldaşı ilə yaxınlıq etmişdir. Buna görə də Nuh oğlu Hama bəddua etmiş və bunun nəticəsində Hamın nəsli qaradərili olmuşdur. Ham sudanlıların əcdadı hesab edilmişdir.
Başqa bir rəvayətə görə isə Ham atasının çılpaq bədənini örtmədiyi üçün onun nəsli qara dərili olmuşdur.
Hamın övladlarından Misrayim qibtilərin və bərbərlərin, Kuş isə hindlilərin və sindlilərin əcdadı hesab olunmuşdur. Hamın övladları Afrika qitəsinin sahillərində məskunlaşmışlar.
Bir hədisdə Məhəmməd Ham haqqında belə demişdir:
Sam ərəblərin, Ham həbəşilərin, Yafəs isə rumların əcdadıdır.
Müasir baxış və tənqid
Prof. Dr. Şaban Quzğuna görə, ilahi vəhyin ümumi mahiyyəti ilə heç bir şəkildə uzlaşmayan bu şərhlər, həmçinin əqli və elmi əsasdan məhrumdur. Bundan başqa Tövrat mətnlərində Nuhun övladları ilə bağlı ziddiyyətlər də vardır.
Belə ki, Yaradılış kitabında Kənanın lənətləndiyi və qardaşlarına qul olması üçün ona bəddua edildiyi bildirildikdən sonra onun qardaşları kimi Sam və Yafəs göstərilir, lakin Ham haqqında heç nə deyilmir. Bu halda həmin hissəyə görə Nuhun övladları Sam, Yafəs və Kənandır. Belə olduqda, Yaradılışdakı "kiçik oğlu" ifadəsi Hamı deyil, Kənanı nəzərdə tutur.
Digər tərəfdən, Nuhun sadiq və kamil bir insan olduğu, tanrı ilə birlikdə hərəkət etdiyi, Sam, Ham və Yafəs adlı üç oğlunun olduğu bildirilir. Tədqiqatçılara görə, tufanın qəhrəmanı olan məsum və kamil Nuh ilə tufandan sonra üzüm bağı salıb şərab içərək sərxoş olan Nuh haqqında bəhs edən bu iki rəvayəti uzlaşdırmaq istəyən müqəddəs kitab müəllifi Yaradılış kitabına "… atası Ham" ifadəsini əlavə etməklə ziddiyyəti aradan qaldırmağa çalışmışdır.
Nuhun nəvəsi Kənanı lənətləməsinə dair Tövrat mətni İsrail irqinin üstünlüyünü ön plana çıxaran Yahvist müəllifə aid edilir. Ehtimal olunur ki, bu müəllif, ivrilərin diqqətini Samın və İbrahimin övladlarına vəd edilmiş torpaqları həmin dövrdə işğal edən kənanlıların əcdadına yönəltmək üçün bu lənət hadisəsini qeyd etmiş və Hamın Kənanın atası olduğu ifadəsini mətnə əlavə etmişdir.
Digər tərəfdən, Nuhun Hamın dörd oğlundan yalnız birini, yəni Kənanı lənətləməsi də İsrailoğullarının Kənanlılara olan düşmənçiliyi ilə əlaqələndirilə bilər.
Tövrata görə Hamın Kuş, Misrayim, Put (və ya Fut) və Kənan adlı dörd oğlu olmuşdur və onların övladları haqqında da məlumat verilir. Kuşun həbəşilərin (efiopiyalıların) əcdadı olduğu, Hamın gəmidə olarkən cinsi münasibətdə bulunduğu üçün onların dərisinin qara olduğu rəvayət edilir.
Misrayimin nəslinin isə Misir xalqını meydana gətirdiyi irəli sürülmüşdür. Müqəddəs Kitaba görə Hami irqi Qərbi Fələstindən Afrikaya qədər uzanan bölgəni əhatə edir.
Tufandan sonra bəşəriyyətin yenidən törəməsi ilə bağlı Tövratın verdiyi məlumatları qəbul edən bəzi Qərb irq və dil tədqiqatçıları Hami irqi və Hami dili terminlərindən istifadə etmişlər. Onların fikrincə, ərəblər istisna olmaqla misirlilər, sudanlılar, həbəşlər, bərbərlər və digər Afrika xalqları Hamın nəslindən törəmişdir.
Yenə onların təsnifatına görə Hami dili üç qrupa ayrılır:
- Bərbər (və ya Liviya) dialekti,
- Kuş (və ya Efiopiya) dili,
- Qədim Misir dili.
