Həyatı
O, Mibu nəslinə mənsub ailədə, indiki Toçiqi prefekturası ərazisində doğulmuşdur. 14 yaşında rahibliyə daxil olmuş, Kyoto yaxınlığındakı Hiey dağında yerləşən Enryaku-ci məbədində təhsil almış və Sayçonun şagirdi olmuşdur.
838-ci ildə Ennin Tan sülaləsi hakimiyyəti altında olan Çinə səfər etmiş, həmçinin müasir Koreya ərazisindəki Şila krallığında da olmuşdur. Çində əvvəlcə iki ustaddan dərs almış, sonra Şansi əyalətindəki Utayşan dağında yerləşən monastırda mənəvi təlimlərə davam etmiş, daha sonra isə Çanan paytaxtına yola düşmüşdür.
847-ci ildə, imperator U-szunun başladığı dini təqiblər səbəbilə Ennin Yaponiyaya geri dönmüşdür. 854-cü ildə o, Enryaku-ci məbədinin abbatı və Tenday-syu məktəbinin başçısı təyin edilmişdir. Həmçinin, indiki Yamaqata prefekturasında yerləşən Rissyaku-ci məbədinin əsasını qoymuşdur.
Ennin 100-dən çox əsərin müəllifidir. Onun Çinə etdiyi səfəri əks etdirən gündəliyi 1955-ci ildə amerikalı professor Edvin Rayşauer tərəfindən "Ennin’s Diary: The Record of a Pilgrimage to China in Search of the Law" adı ilə ingilis dilinə tərcümə edilmişdir. Bu əsər Tan dövrü Çini və Silla dövlətinə dair ən qiymətli səyahətnamələrdən biri hesab olunur.
